XƏBƏRLƏR / Şəhər

Bakıda TDT QHT-lərinin II Həmrəylik Forumu keçirilir

YENİLƏNİB

Bakıda TDT QHT-lərinin II Həmrəylik Forumu keçirilir
  • Oxuma müddəti:

    9 dəqiqə

  • 12:31

    Müasir dövrdə şəhərsalma artıq qlobal trendə çevrilib. Hazırda dünya əhalisinin 55 faizi şəhərlərdə yaşayır və hesablamalara görə, 2050-ci ilə qədər bu göstərici 70 faizə çata bilər.

    Bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

    O, qeyd edib ki, bu yeni şəhərlərin, yeni infrastrukturun formalaşması və yeni çağırışların meydana çıxması deməkdir.

    “Bu baxımdan düşünürəm ki, qeyri-hökumət təşkilatlarının, o cümlədən Türk dünyasının QHT-lərinin üzərinə böyük vəzifələr düşür. Həmin vəzifələrin həyata keçirilməsi şəhərsalma sahəsində yaranan çağırışlara veriləcək mühüm cavab olacaq”, – deyə o bildirib.

    Vüsal Qasımlı vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra şəhərsalma sahəsində ən unikal nümunələrdən birini ortaya qoyub. Elə bir dövlət olmayıb ki, bu qədər qısa müddət ərzində öz gücü və imkanları hesabına bu sayda şəhər, kənd və qəsəbəni yenidən bərpa etsin. Hesablamalara görə, 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq. Bu, olduqca böyük göstəricidir və faktiki olaraq alternativi yoxdur. Azərbaycanın bütün bu layihələri daxili imkanları hesabına həyata keçirməsi xüsusi əhəmiyyət daşıyır və qürurverici göstəricidir. Artıq bu gün Qarabağ və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsinə əhalinin qayıdışı təmin olunub və bu proses ardıcıl şəkildə davam edir”, – deyə Vüsal Qasımlı vurğulayıb.

    ***

    10:59

    Bu gün Bakıda Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayıb.

    Forumun açılış mərasimində çıxış edən QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib ki, dünən Qazaxıstanda - Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə türk dövlətlərinin liderləri bir daha bütün dünyaya birlik, güc, həmrəylik mesajları verdilər.

    “Azərbaycan Prezidenti İlham Əliyevin öz andiçmə nitqində ifadə etdiyi bu cümlələri eyni ilə təkrar etmək istərdim: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi?”. Bu gün Türk dünyası yüksəliş dövründədir, qarşımızda imkanlar, fürsətlər getdikcə genişlənir. Sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər birləşdirir”, - deyə Fuad Məmmədov qeyd edib.

    Müşahidə Şurasının sədri türk dövlətlərindən olan tərəfdaş qurumları QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib: “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri kimi bu tribunadan elan edirəm ki, biz türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə hazırıq. Bu istiqamətdə təşəbbüsləri müzakirə etməyə və qısa müddətdə bu işi təşkil etməyə hazırıq. Birgə qrant müsabiqələrində mexanizm heç də mürəkkəb deyil: tərəflər öz yerli normativ qaydalarına uyğun olaraq, müsabiqəni təşkil edir, QHT qarşısında şərt qoyulur ki, layihələr müvafiq tərəfdaş ölkədə keçirilsin”.

    Fuad Məmmədov onu da bildirib ki, yüksək mədəniyyətli cəmiyyətin formalaşdırılması və inkişaf etdirilməsi Türk dünyasının qüdrətini artıracaq.

    “Mən ixtisasca kulturoloqam. Ömrümü, akademik elmi fəaliyyətimi mədəniyyət məsələlərinə həsr etmişəm. Yüksək ruhi mədəniyyət, yəni dost və qardaş xalqlarımızın intellektual və mənəvi mədəniyyətinin qovşağı bizim əsas gücümüzdür. Türk sivilizasiyası dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiyadır. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı xüsusi məna daşıdı, tarixi əhəmiyyətli sənəd oldu. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində dünən keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə elan etdi ki, türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi” də bu ilin iyun ayında Bakıda keçiriləcək. Bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisə olacaq”, - deyə Fuad Məmmədov vurğulayıb.

    ***

    10:24

    Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilir.

    Tədbir "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə baş tutur.

    Forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edirlər.

    TDT-yə üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2025-ci il noyabrın 23-26-da Bakı və Naxçıvanda keçirilib. Tədbirdə təşkilatın tarixinə 2009-cu ildə "Naxçıvan Sazişi" ilə düşmüş, qurum üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis edilib. Platformaya rəhbərlik TDT-nin hazırki sədri kimi Azərbaycana həvalə edilib. Həmin forumda həmçinin Naxçıvanda "WUF13-ə doğru - Türk dünyasında ilk" adlı panel müzakirələri də təşkil edilib.

    TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq forumları da gerçəkləşdiriləcək.

    Ötən dövrdə - 2022-ci il mayın 19-da Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib. Bu forumlar Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti üçün mühüm dəyərə malikdir.

    Qeyd edək ki, son yeddi ayda artıq ikinci dəfədir TDT-yə üzv ölkələrin QHT-ləri Azərbaycanda toplaşır.