Bakıda Türkiyə üçün humanitar yardım toplanması davam edir
Hal-hazırda yardım Neeftçilər prospektində yerləşən Əl oyunları idman sarayında qəbul edilir
Azərbaycanda Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım toplanmasına davam edir.
Türkiyənin Bakıdakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib.
Yardımlar Bakıda "Doğtaş" mebel mağazasında toplanır.
Bundan başqa, əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı Baş konsulluğa çatdırıla bilər (Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17).
Zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.
Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.
Azərbaycandan Türkiyəyə gedən hərbi həkim briqadaları Adana şəhərində zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcəklər. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Eyni zamanda, Azərbaycan Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salıb.
İndiyədək Bakıdan Türkiyəyə humanitar yardımla yüklənmiş 7 TIR yola düşüb.