Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı
YENİLƏNİB/FOTO
10:52
Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciət ünvanlayıb:
"Hörmətli tədbir iştirakçıları!
Sizi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Telekommunikasiya sahəsində mötəbər beynəlxalq tədbir – Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Bu, Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq ənənələrinin təzahürü, eyni zamanda ölkəmizin rəqəmsal inkişaf sahəsində qlobal müstəvidə aparıcı mövqeyə malik olmasının bariz göstəricisidir.
Dünya artıq yeni bir rəqəmsal dövrə qədəm qoymuşdur. Hazırda texnoloji inkişaf və rəqəmsallaşma ölkənin inkişaf səviyyəsini şərtləndirən, bəşəriyyətin gələcəyini müəyyənləşdirən əsas amillərdən birinə çevrilmişdir. Təəssüf ki, rəqəmsal dünyanın bu qədər inkişaf etdiyi bir dövrdə iki milyarddan çox insan hələ də internetə çıxış imkanından məhrumdur. Müasir dövrdə heç bir ölkə və heç bir insan rəqəmsal gələcəkdən kənarda qalmamalıdır. Bunun təmin olunması bizim ortaq məsuliyyətimizdir.
Kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş, son dörd ildə sabit artım ritmi qazanmışdır. Bütün bunlar süni intellektin inkişaf etdirilməsi, kiberhücumların qarşısının alınması və rəqəmsal infrastrukturun genişləndirilməsi sahəsində görülən ardıcıl tədbirlərlə müşayiət olunur.
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir. Bundan əlavə “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” sənədinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi ölkəmizin əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Biz bu istiqamətdə dövlət və özəl sektorları arasında əməkdaşlığa xüsusi önəm veririk.
Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur. Rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır. “SİMA” adlı biometrik rəqəmsal imza sistemi artıq 3,6 milyon istifadəçi tərəfindən qəbul edilmiş, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi"nin ən yüksək kateqoriyası qrupuna daxil olmuşdur. Məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır.
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edən Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır. Konfrans çərçivəsində eyni zamanda Bakı şəhərində BTİ-nin Regional Akselerasiya Mərkəzinin açılması planlaşdırılır. BTİ-nin qlobal innovasiya şəbəkəsinin bir hissəsi olacaq bu Mərkəz region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəkdir.
Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr, qəbul olunacaq qərarlar, yaradılacaq tərəfdaşlıqlar inklüziv, təhlükəsiz və dayanıqlı rəqəmsal gələcəyin qurulmasına xidmət edəcək, milyardlarla insanın həyatına öz təsirini göstərəcəkdir.
Sizə bir daha ən xoş arzularımı yetirir, məhsuldar müzakirələr, tədbirin işinə uğurlar arzulayıram".
***
09:37
Bu gün "Bakı Konqres Mərkəzi"ndə MDB-də ilk dəfə olaraq Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-2025) start götürüb.

Konfransı Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) dörd ildən bir təşkil edir.
Noyabrın 28-nə qədər davam edəcək tədbir ölkələr arasında rəqəmsal fərqi azaltmağa və rəqəmsal transformasiyanı inkişaf etdirməyə yönəlib, gənclər üçün açıq beynəlxalq platforma olacaq. Konfrans gənclərin dünya səviyyəsində texnoloji yeniliklər və trendlər haqqında bilik əldə etməsinə, bu sahədə aparıcı mütəxəssislərlə tanış olmasına və əməkdaşlıq imkanları yaratmasına beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olmasına şərait yaradır.

WTDC-2025-də 150 ölkədən 2 000-dən çox nümayəndənin, o cümlədən 300-dən çox gənc nümayəndənin iştirakı gözlənilir.
Konfrans çərçivəsində ITU-nun 194 üzv dövləti üçün əsas prioritetləri müəyyənləşdirən bəyannamənin qəbul edilməsi gözlənilir.
5 dəqiqə