Bakıda və bölgələrdə leysan olacaq
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib
Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq arabir leysan xarakterli yağış yağacağı, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 27-si gündüzədək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.