Bakıdakı İsrail səfirliyinin partlatmaq əmrini İran verib
Bu barədə İisrail mətbuatı yazır
İsrail mediası Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı xarici səfirliklərdən birində terror aktı hazırlayan Əfqanıstan vətəndaşının saxlanılması üçün keçirdiyi xüsusi əməliyyatı müzakirə edir.
İsrail mətbuatının məlumatına görə, bu əməliyyatı DTX İsrailin Mossad xarici kəşfiyyatının nümayəndələri ilə birgə həyata keçirib. Planlaşdırılan terror aktına gəlincə, bunu İran vasitəsilə Azərbaycana gələn Əfqanıstan vətəndaşı Fəzvan Musa Xan həyata keçirməli idi.
İsrailin www.ynetnews.com saytı yazır ki, İsrail xüsusi xidmət orqanları 33 yaşlı Fəvzan Musa Xanın hərəkətini əvvəldən izləyib. Terrorçunun İrandan keçərək Azərbaycana keçdiyini öyrənən israillilər DTX həmkarları ilə əməliyyat məlumatını paylaşıblar.
Digər bir İsrail saytı www.i24news.tv xəbər verir ki, əfqanlının arxasında İran kəşfiyyat xidmətləri dayanıb.
Sayt onu da qeyd edir ki, Azərbaycan DTX nümayəndələri Fəzvan Musa Xanın hansı diplomatik missiyanı hədəf aldığını dəqiqləşdirməsələr də, yayımlanan videogörüntülərə görə, terrorçu İsrailin Bakıdakı səfirliyi yaxınlığında saxlanılıb.