Polşa Azərbaycanın axtarışa verdiyi şəxsi ekstradisiya edib
Bu barədə Baş prokurorluq məlumat yayıb

Azərbaycanın beynəlxalq axtarışa verdiyi Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlu Polşadan ekstradisiya edilib.
Baş prokurorluğun verdiyi xəbərə əsasən, ekstradisiya haqqında Baş Prokurorluğun vəsatəti Polşanın Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.
Bildirilib ki, Ülpət Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbsə alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ü.Ağacanov aprelin 3-də Polşadan Azərbaycana gətirilib.