"Torqovu" yaxınlığında güclü yanğın söndürülüb
İki nəfər hospitalizasiya, dörd nəfərə isə yerində yardım olunub FOTO/VİDEO/YENİLƏNİB
15:10
Yanğın nəticəsində binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsində fəaliyyət göstərən müxtəlif təyinatlı 11 obyektdən 3-nün yanar konstruksiyaları 120 kv.m. sahədə, eləcə də 2-ci mərtəbədə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı mənzilin döşəməsi yanıb. Binanın böyük hissəsi yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
***
14:50
Avqustun 7-də saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Y. Məmmədəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-dən bildirilib.
"Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir və müalicələri Toksikologiya şöbəsində davam etdirilir. 4 nəfərə (1 qadın, 3 kişi) isə stresə qarşı və tüstüdən zəhərlənmə ilə əlaqədar yerində yardım olunub".
***
13:36
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində binanın birinci mərtəbəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
12:15
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Əlavə məlumat veriləcək.