XƏBƏRLƏR / Hadisə

“FlyDubai”ın pilotu həbs olunub

Ekipaj üzvləri arasında münaqişə olub YENİLƏNİR / FOTO

“FlyDubai”ın pilotu həbs olunub
  • Oxuma müddəti:

    8 dəqiqə

  • 18:12

    “FlyDubai” aviaşirkətinin Dubaydan Tel-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib.

    “Ynet”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib.

    “Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsinə daxil olub və heyət üzvlərindən biri ilə birgə bıçaqla ətrafdakıları təhdid edən pilotu zərərsizləşdirib”, - Netanyahu bildirib.

    İsrailin Baş naziri həmin pilotun təyyarənin sistemlərini sıradan çıxarmaq niyyətində olduğunu qeyd edib.

    “İndi bütün sərnişinlər təhlükəsiz vəziyyətdədir. Bıçaqla təhdid edən pilot həbs olunub və hazırda Səudiyyə Ərəbistanı aidiyyəti orqanları tərəfindən sorğu-sual edilir”, - Netanyahu əlavə edib.

    O, araşdırmaların davam etdiyini və yeniliklərlə bağlı ictimaiyyətin məlumatlandırılacağını vurğulayıb.

    Qeyd edək ki, bu gün səhər saatlarında Dubaydan Tel-Əvivə uçan təyyarədə insident yaşanıb.

    ***

    15:22

    "FlyDubai" aviaşirkəti Dubaydan Tel-Əvivə gedən təyyarənin göyərtəsindəki insidentin araşdırılması başa çatanadək İsrailə uçuşları dayandırıb.

    Bu barədə İsrail mediası xəbər verir.

    Bildirilib ki, İsrail hakimiyyəti baş verənləri mümkün terror aktı kimi nəzərdən keçirir. Hazırda sərnişinlərin tezliklə ölkəyə qaytarılması üçün tədbirlər görülür. İsrailə qayıtdıqdan sonra sərnişinlər təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən əlavə yoxlamadan keçə bilərlər.

    Dəqiqləşdirilmiş məlumata görə, pilotlardan biri Hindistan, ikincisi isə Oman əsillidir. Pilotlar, əvvəlcə ehtimal edildiyi kimi, Rusiya və Ukrayna vətəndaşları deyillər.

    İordaniyanın hava məkanına daxil olduqdan qısa müddət sonra Omandan olan ikinci pilot Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan pilota bıçaqla xəsarət yetirib və təyyarənin idarəetməsini zorla ələ keçirməyə cəhd edib. Onun motivləri hələ də məlum deyil.

    Xüsusilə də, onun ikili vətəndaşlığa malik olması versiyası nəzərdən keçirilir. Bəzi mənbələr həmçinin bildiriblər ki, omanlı pilot "FlyDubai"da bir ildən az müddətdir işləyir. Səudiyyə Ərəbistanından daxil olan məlumatlara görə, hər iki pilot xəstəxanaya yerləşdirilib.

    Təyyarənin göyərtəsində olan digər iki pilot, Cənubi Afrika və Yeni Zelandiya vətəndaşları təyyarəni Səudiyyə Ərəbistanının şimal-qərbindəki Tabuk hava limanına təhlükəsiz şəkildə endirməyə kömək ediblər.

    İsrailin nəqliyyat naziri Miri Regev Mülki Aviasiya İdarəsinə "FlyDubai" şirkətinin İsrailə uçuşları tənzimləyən aviasiya sazişlərinə əməl edib-etmədiyini yoxlamağı tapşırıb.

    ***

    12:56

    Dubay hakimiyyəti ekipaj üzvləri arasında münaqişə olduğunu təsdiqləyib. İsrail mediası da pilotların Rusiya və Ukrayna əsilli olduğunu bildirir. "FlyDubai" sərnişinləri götürmək və İsrailə uçuşlarını davam etdirmək üçün Səudiyyə Ərəbistanına başqa bir təyyarə göndərəcək.

    Bəzi sərnişinlər təyyarədə qışqırıq və dava-dalaş səsləri eşidiblər. "Təyyarədə iki saat qışqırıq səsləri eşitdik, pilot bıçaqlandı və çoxlu qan gördük. Təyyarə tamamilə idarəetməni itirdi və biz qəzaya düşəcəyimizi düşündük və dua etdik", - deyə sərnişinlərdən biri bildirib.

    Onun sözlərinə görə, sərnişinlər və heyət hücumçunu sakitləşdiriblər. İsrail Telegram kanalları artıq Səudiyyə Ərəbistanında təcili enişdən sonra "FlyDubai" təyyarəsinin ilk görüntülərini yayımlayır. Həmçinin bildirilir ki, bir sərnişin pilotla mübarizə aparıb, daha sonra pilot digərinə hücum edib.

    İsrail hakimiyyəti hələlik hadisə ilə bağlı digər nəzəriyyələri, o cümlədən təyyarəni qəsdən qəzaya uğratmaq cəhdini istisna etmir.

    ***

    12:28

    İsrailin 12-ci Kanalının məlumatına görə, "FlyDubai" reysindəki pilotlardan biri rus, digəri isə ukraynalı olub. Onlar havada dava salıblar və dava pilotlardan biri huşunu itirənə qədər davam edib.

    "FlyDubai" pilot kabinəsindəki pilotlar arasında davadan təəccüblənib.

    "İsrailin Səsi"nin məlumatına görə, bir pilotun digərini bıçaqladığına dair şübhələr var.

    Əgər bu doğrudursa, "FlyDubai" rəhbərliyi cəzalandırılmalıdır. Ən azından, heyətə görə məsul olanlar işdən çıxarılmalı və ya qəsdən hərəkət etdikləri müəyyən edilərsə, həbs olunmalıdır!

    ***

    11:35

    İsrailin N12 televiziya kanalının məlumatına görə, "FlyDubai" reysində dava salan pilotların Rusiya və Ukrayna vətəndaşı olduğu müəyyən edilib.

    Kanalın məlumatına görə, təyyarə Səudiyyə Ərəbistanına endikdən sonra sərnişinlərə oturmaq və təyyarəni tərk etməmək tapşırılıb. Pilotlar üçün istisna edilib və onlar zorla təyyarədən çıxarılıblar.

    "FlyDubai" şirkətinin baş direktoru İsrail nəqliyyat orqanlarına yeni təyyarənin tezliklə Dubaydan Səudiyyə Ərəbistanına, oradan isə İsrailə yönləndiriləcəyini bildirib.

    Kanalın məlumatına görə, ukraynalı pilot kabinədə ikinci pilot kimi olub.

    "Vəziyyət nəzarət altındadır. Sərnişinləri İsrailə qaytarmaq üçün çalışırıq", - deyə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

    ***

    11:15

    "The Jerusalem Post" qəzeti xəbər verir ki, hadisəyə iki pilotun bir-biri ilə dalaşması səbəb olub. 

    Israilin "Kanal 12" televiziyasının məlumatına görə, dava edən pilotlar Rusiya və Ukraynadan olublar.

    ***

    10:57

    Tel-Əvivə uçan "FlyDubai" aviaşirkətinin təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.

    "The Jerusalem Post" xəbər verir ki, hadisə pilotların bir-biri ilə mübahisəsi nəticəsində baş verib.

    ***

    10:30

    Dubaydan Tel-Əvivə uçan "FlyDubai" təyyarəsi təhlükə siqnalının ilkin olaraq təyyarənin qaçırılması ilə bağlı narahatlıq yaratması səbəbindən Səudiyyə Ərəbistanına yönləndirilib. İsrailin qırıcı təyyarələri havaya qaldırılıb.

    İsrail Telegram kanalları xəbər verir ki, hadisə FZ1073 reysi ilə baş verib. Təyyarədə təxminən 100 israilli də daxil olmaqla 174-dən çox sərnişin var.

    İlkin məlumatlara görə, təyyarə uçuş zamanı qeyri-adi şəkildə yüksəkliyini  və istiqamətini dəyişib və Səudiyyə Ərəbistanı üzərindən uçub. Məlumata görə, heyət həmçinin təcili siqnallar ötürüb və təyyarə ilə əlaqəni itirib.

    Telegram kanallarına görə, təyyarə transponderini söndürüb. Amerika təhlükəsizlik xidmətləri vəziyyət barədə məlumatlandırılıb və real vaxt rejimində onu izləyir.

    Əvvəlcə təyyarə ilə bağlı mümkün təhlükəsizlik hadisəsi, o cümlədən təyyarənin qaçırılması barədə məlumatlar yayılıb. Hadisənin səbəbləri hələ də araşdırılır.

    İsrail Telegram kanallarına görə, vəziyyətlə əlaqədar olaraq, İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə təcili məsləhətləşmələr aparıblar.

    "The Times of Israel" qəzetinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri təyyarəni ələ keçirmək üçün havaya qaldırılıb.

    Hadisənin səbəbi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.