Balakəndə qasırğa nəticəsində 80-nə yaxın evin damı uçub
Qasırğa nəticəsində Heydər Əliyev prospekti və F.Əmirov küçələrinin hər birində bir ədəd ağac yıxılaraq yolun hərəkətini məhdudlaşdırıb
Sentyabrın 7-də səhər saatlarında Balakən rayonu ərazisində baş vermiş güclü qasırğa ciddi fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasından bildirilib ki, qasırğa nəticəsində Balakən şəhəri Heydər Əliyev prospektindəki beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü uçub, R.Səmədov küçəsində yol kənarındakı ağac “Azərpoçt” MMC-nin Balakən Poçt filialının inzibati binasının üzərinə yıxılıb. Bundan əlavə, M.Əsədov küçəsində bir ədəd ağac yıxılaraq sahibkarlıq obyektinə və iki minik avtomobilinə ziyan vurub. Qasırğa nəticəsində Heydər Əliyev prospekti və F.Əmirov küçələrinin hər birində bir ədəd ağac yıxılaraq yolun hərəkətini məhdudlaşdırıb.
Katex kəndinin Kombinat adlanan ərazisinə dolu düşərək, 60-80 evin dam örtüyünə ziyan vurub, evlərə su dolub.
Təbii fəlakət nəticəsində xəsarət alan yoxdur. Dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.