Ballıqaya qətliamından 34 il ötür
24 azərbaycanlı mülki şəxs 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları tərəfindən amansızlıqla qətlə yetirildi
09:28
Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə soydaşımız qətlə yetirilib, yüz minlərlə insan doğma yurdundan didərgin salınıb. XX əsrin 90-cı illərində törədilən qanlı cinayətlər sırasında Ballıqaya qətliamı da xüsusi ağrısı ilə seçilir. Qaradağlıda, Xocalıda, Ağdabanda olduğu kimi, Ballıqayada da hədəf silahsız və müdafiəsiz azərbaycanlılar idi.
Laçın rayonundan didərgin düşərək Goranboy rayonunun Ballıqaya kəndi ərazisində müvəqqəti məskunlaşan 24 azərbaycanlı mülki şəxs 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları tərəfindən amansızlıqla qətlə yetirildi. Daha 9 nəfər ağır yaralandı.

Qətlə yetirilənlər arasında altı azyaşlı uşaq vardı. Onların ən kiçiyi cəmi altı aylıq körpə idi. Üç azyaşlı uşaq isə həmin gecə həm anasından, həm atasından məhrum oldu. 93 yaşlı qoca qadın belə, qatil güllələrindən xilas ola bilmədi.
Ballıqayada baş verənlər təkcə insanlığa qarşı törədilmiş ağır cinayət deyil, həm də beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulması idi. Uşaqların, qadınların və qocaların qətlə yetirilməsi müharibənin belə, toxunulmaz saydığı sərhədlərin necə vəhşicəsinə tapdalandığını göstərirdi.
İllər ötür. Ballıqayanın yaraları zamanın axarında sağalmır. Çünki bəzi ağrılar zamanla kiçilmir, əksinə, yaddaşda daha da dərinləşir. Hər il avqustun 28-i yaxınlaşanda həmin gecənin xatirəsi yenidən canlanır. Altı aylıq körpənin, valideynsiz qalan uşaqların, qətlə yetirilən qadınların və qocaların xatirəsi bir daha Azərbaycan xalqının yaddaşında öz yerini tutur.

Ballıqaya qətliamına dair materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində qorunub saxlanılır. Bu sənədlər yalnız keçmişin izləri deyil. Onlar tarix qarşısında məsuliyyətin, unutmamağın və həqiqətin gələcək nəsillərə çatdırılmasının sübutlarıdır.
Çünki tarix yalnız yaşananları deyil, unudulmayanları da yaşadır. Ballıqaya isə unudulmamalıdır.
***
Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
"28 avqust - Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür.
Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, törədilmiş insanlıq əleyhinə cinayətlərin hüquqi qiymət almasının və günahkarların ədalət qarşısında cavab verməsinin vacibliyini bir daha vurğulayırıq".
3 dəqiqə