Banqladeşdə iğtişaşlar, Baş nazir qaçıb, ordu hökumət qurur
Bazar günü etirazçılarla polis arasında toqquşmalarda azı 90 nəfər həlak olub
Banqladeşdə müvəqqəti hökumət qurulacaq. Bu barədə yerli “Protom Alo” nəşri general Vaqar-uz-Zaman bildirib.
Onun sözlərinə görə, bütün qətllərin və qırğınların günahkarları cəzalandırılacaq. “Orduya inanın. Siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirdik”.
Baş nazir Şeyx Hasina ölkədəki etirazlar fonunda Banqladeşi tərk edib. O, istefa verdi və vertolyotla Hindistana uçdu.
Bazar günü Şeyx Hasinanın istefasını tələb edən etirazçılarla polis arasında toqquşmalarda azı 90 nəfər həlak olub.
Ölənlər arasında 13 polis əməkdaşı da var. Onlar paytaxt Dəkkədən 100 km şimalda yerləşən Sirajqanc şəhərində polis bölməsinə hücum zamanı həlak olublar.
Dövlət qulluğuna qəbul üçün kvota sisteminin ləğvi tələbi ilə tələbə etirazları iyul ayında başlayıb. Bu müddət ərzində 280-dən çox insan həlak olub. Dəkkədə polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib və baş nazir ölkədə mobil internetin bağlanması barədə göstəriş verib.