Azərbaycanın Baş naziri və XİN Rusiyaya başsağlığı verdi
Dağıstanda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb, 100-dən çox yaralı var
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində insan itkisi ilə nəticələnən partlayışla əlaqədar başsağlığı verib.
Bu barədə nazirliyin X platformasındakı səhifəsində paylaşım edilib.
"Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlərin olması bizi dərindən kədərləndirir. Bu dağıdıcı faciədə həyatını itirənlərin ailələri və dostlarına dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.
Baş nazir Əli Əsədov da Dağıstan rəhbərinə başsağlığı verib.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mahaçqalada çoxsaylı insan tələfatına səbəb olan yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.
Əli Əsədov Dağıstanın rəhbərinə, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.