Baş Prokurorluq xəbərdarlıq etdi
Bzi sosial şəbəkə səhifələrində guya Ağdam rayonunda müxtəlif ərazilərin minalaşdırılması ilə bağlı yayılmış məlumatlar üzrə araşdırma aparılıb
Bəzi sosial şəbəkə səhifələrində guya Ağdam rayonunda müxtəlif ərazilərin minalaşdırılması görüntüsünün formalaşdırılması ilə bağlı yayılmış məlumatlar üzrə araşdırma aparılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokuroruluğunda aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, 1999-cu il təvəllüdlü Emin Nəcəfzadə Ağdam rayonunun Baş Qərvənd kəndinin yaxınlığında çəkiliş apararaq həmin mina olmayan ərazilərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyinin göstərişi ilə guya təhlükənin mövcud olmasını göstərmək məqsədilə müxtəlif nişanlar və yararsız minalar yerləşdirildiyini iddia edib.
Bildirilir ki, istinad olunan təşkilat həmin ərazilərdə minatəmizləmə işlərində iştirak etməyib: “Qeyd olunan ərazidə səlahiyyətli dövlət orqanları tərəfindən minatəmizləmə işləri həyata keçirilib, eyni zamanda təhlükənin qarşısının alınması məqsədilə monitorinqlər davamlı həyata keçirilir.
Şəxsi qərəzlilik zəminində və Fondun keçmiş əməkdaşı kimi işçi münasibətlər zamanı ortaya çıxmış narazılığı səbəbindən Emin Nəcəfzadənin irəli sürdüyü əsassız və həqiqətə uyğun olmayan iddiaları əhalinin təhlükəsizliyinin təmin olunmasına kölgə salmaqla yanaşı cəmiyyət içində ciddi narahatlığa və təşvişə səbəb olub.
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən Emin Nəcəfzadə Tərtər rayon prokurorluğuna dəvət olunaraq ona xəbərdarlıq edilib”.