"Bələdiyyə seçkilərinin elan edilməməsi qanun pozuntusudur"
Bu müxalif Müsavat partiyasının açıqlamasında deyilir YENİLƏNİB
Müxalif Müsavat Partiyası hakimiyyətin bələdiyyə seçkilərinin elan edilməsini yubatması faktını pisləyib və vətəndaşların hüquqlarının pozulması ilə bağlı açıqlama tələb edib.
Bələdiyyə seçkilərinin Seçki Məcəlləsində nəzərdə tutulan müddətdə elan edilməməsi noyabrın 5-də Müsavat Partiyasının İdarə Heyətinin iclasında tənqid olunub.
"Hazırkı çağırış bələdiyyə şuralarının səlahiyyətləri dekabrın 23-də başa çatır. Seçki Məcəlləsinə əsasən, növbəti bələdiyyə seçkiləri ən gec oktyabrın 24-nə qədər elan edilməli idi", - deyə partiyanın məlumatında bildirilir.
Müsavat Partiyası hakimiyyətdən "qanunlara riayət etməyi və vətəndaşların seçki hüquqlarının kobud pozuntusu ilə bağlı açıqlama verməyi" tələb edib.
Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq.
Bu barədə "Report"a eksklüziv açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.
MSK sədrinin müavini qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.
"Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Kollegial orqan kimi Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada bu il noyabrın sonunadək elan olunması qənaətinə gəlinib" - deyə, R.Qasımov bildirib.
Qeyd edək ki, digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir dekabrın 23-də keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.