Bəxtiyar Azərbaycan, bəxtiyar xalq, Bəxtiyar Vahabzadə!
2025-ci ildə görkəmli şairimizin 100 illiyidir
Bu gün, 23 Oktyabr 1960-cı ildə “Nuxa fəhləsi” qəzetində Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması çap olunub.
Sabah, yeni təqvimlə 24 oktyabr 1813-cü ildə Rusiya imperiyası ilə Qacar dövləti arasında, Azərbaycanın Qarabağ vilayətinin Gülüstan kəndində eyni adlı "Gülüstan" müqaviləsi imzalanıb.
Bu təsadüfdür? Xeyr! Bəxtiyar Vahabzadənin yaradıcılığında təsadüflər olmayıb!
Məhz bu ərəfələrdə Şəkidə, 22 Oktyabr 2024-cü ildə, artıq ənənəvi olaraq ziyalıların daim müzakirə məclisi olan "VMF Kafe"də "Bəxtiyar Vahabzadə - 100" adı ilə, tanınmış şairimizin 100 illiyinin layiqli keçirilməsinə həsr olunmuş tədbirlər planının müzakirəsi haqda vacib toplantı keçirildi. Təəssüf hissi ilə bildirməliyəm ki, bu məclisdə bəzi ziyalılar, Bəxtiyar Vahabzadənin irsini öyrənən alimlər iştirak edə bilmədi, lakin bu ilkin toplantı idi və məclislərin keçirilməsi davam etdiriləcək.
Dünənki məclisdə bir neçə vacib qərar alındı.
Belə ki, Bəxtiyar Vahabzadənin Ev-Muzeyinin direktoru Elşən Zəkəriyyəbəylinin təklifi ilə şair haqda Azərbaycan miqyasında bədii film çəkilişi üçün ssenari müsabiqəsi elan ediləcək.
Digər tərəfdən, Şəki Ensklopediyasının rəhbəri Aydın Məmmədov tərəfindən gələn təklif - Bəxtiyar Vahabzadənin ev-muzeyinin virtual, yəni onlayn versiyasının yaradılması da toplaşanlar tərəfindən rəğbətlə qarşılandı.
Bundan əlavə, gənclərimizi B.Vahabzadənin yaradıcılığına yaxın etmək üçün "Tik-Tok", "İnstagram", "Facebook" və digər sosial şəbəkələrdə süjet, maraqlı blog, qısa, 15 saniyədən çox olmayan mesajlar, şairin özünün maraqlı çıxışlarından yığcam videopərdələr, Vahabzadə şeirlərinin maraqlı hissələrindən təsvirli və təsirli çarxlar və hətta "mem"lər hazırlanmasının təklifi ilə də mən çıxış etdim. Bu gün gənclərimiz, əsasən, sosial şəbəkələrdə asudə vaxtlarını keçirir - odur ki, onları tapıb, onlara mesaj vermək istəyiriksə - "internet toru"na da düşməyimizdə fayda olacaq.
"Yurd Yaddaşı" muzeyinin yaradıcısı və rəhbəri Xatirə Əkbərova Bəxtiyar müəllim barədə sənədli filmin çəkilişi haqda danışdı. Onun dilindən bu təklif gözlənilən idi... Axı Xatirə 20 il ANS-in Şəki-Zaqatala regionunun Müxbir Məntəqəsinin rəhbəri olub və Bəxtiyar Vahabzadə ilə külli miqdarda müsahibə və reportajların sahibidir. Nələr yoxdur Xatirədə, ANS-in arxivində... Yəqin ki, az adam bilir ki, uşaqlıqda Bəxtiyar müəllim əli ilə ildırım tutub və şairin həyatı haqda bir sıra digər faktlar yalnız Xatirənin xatirələrindədir.
İn şa Allah, demək olar ki, "Sonu olan ömrü istəmirəm mən" adlı ictimai birliyimizin ilki müvəffəq oldu. Hər halda bizim bu qrupumuz bu illər boyu tanınmış bəstəkarımız Şəfiqə Axundova, rejissorlarımız Oqtay Mirqasımov, Eldar Quliyev, Rasim Ocaqov və digərlərinin ildönümlərini çox layiqli keçiriblər. Bu dəyərlər bizim Xalqa, Azərbaycana məxsusdur və biz özümüz Vətən Daşlarının qədrini bilməliyik. Anam deyərdi: "Zərin qədrini Zərgər bilər!".
Bir sözlə, "Döyüş alnınıza yazılıb 2/216".