XƏBƏRLƏR / İctimaiyyət

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb

Bu barədə vəkil Aqil Layıc danışıb

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb. Bu barədə onun vəkili Aqil Layıc facebook-da məlumat yayıb. "Bəxtiyar Hacıyevlə görüşdüm. Rəsmi və faktiki olaraq öz təşəbbüsü ilə, ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırdı", - deyə vəkil qeyd edib.

    Digər vəkil Fəxrəddin Mehdiyev isə "Turan"a bildirib ki, 51 gündür Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq edən fəal Bəxtiyar Hacıyev ağır fiziki və psixoloji vəziyyətdədir. "Bəxtiyarın vəziyyəti çox ağır olaraq qalır. Bu gün qan təzyiqi 85/55-ə düşüb. Çəkisi 63,7 kiloqramdır (təcridxanaya daxil olanda çəkisi 84,5 kiloqram olub). Yuxusuzluqdan, baş gicəllənməsindən əziyyət çəkir", - vəkil deyib.  

    Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyev mülki xəstəxanaya köçürülməsini istəyir. Mülki xəstəxanaya köçürülməsilə bağlı digər vəkili Şəhla Hümbətovanın vasitəsilə Penitensiar Xidmətə ərizə göndərib. Lakin müsbət cavab yoxdur.  

    Bundan əlavə, Bəxtiyar venadaxili infuziyanı professor Adil Qeybullanın etməsinə razılıq verib, lakin bundan sonra professoru Bəxtiyarın yanına buraxmırlar. Lakin Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

    Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham irəli sürülüb.

    Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.