Beynəlxalq Konfransın iştirakçıları Şuşada
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü keçirilib YENİLƏNİB
18:15
Görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın iştirakçıları Qarabağa səfər proqramı çərçivəsində Şuşa şəhərində də olublar.
Əvvəlcə Cıdır düzünə gələn nümayəndə heyəti buradan açılan möhtəşəm mənzərəni seyr ediblər.

Sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edən nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra şəhərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşanın tarixi-mədəni irsinin bərpası və qorunması istiqamətində də mühüm işlər görülüb.



Məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb. Şəhər işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri bərpa olunub, Yeni Şuşa məscidinin inşasına başlanılıb.
Konfrans iştirakçıları sonda tikintisi aparılan Yeni Şuşa məscidi ilə tanış olublar.

***
16:40
İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki Konfransın iştirakçıları Qarabağa səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.

Nümayəndə heyəti əvvəlcə Zəfər meydanında olub. Qonaqlara Xankəndi şəhərində həyata keçirilən bərpa-quruculuq işləri, infrastrukturun yenidən qurulması haqqında məlumat verilib.
Konfrans iştirakçıları sonra Xankəndi şəhərində yaradılan Zəfər parkı ilə yaxından tanış olublar. Onlara məlumat verilib ki, park Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.

Xankəndi şəhəri ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşaya yola düşüb.
***
16:05
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Xocalı şəhərində Xocalı Soyqırımı Memorialı ilə tanış olublar.


Nümayəndə heyətinə XX əsrin ən dəhşətli cinayətlərindən olan Xocalı faciəsi haqqında məlumat verilib.

Diqqətə çatdırılıb ki, Xocalı şəhərində Xocalı Soyqırımı Memorialı faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.

Nümayəndə heyəti ekspozisiya zalında Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar, Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar əldə ediblər.
***
13:49
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş, Ağdam Cümə məscidində keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçıları namaz qılıblar.

Konfrans iştirakçıları Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.



***
12:40
Mən Özbəkistan müsəlmanları adından bu məscidin yenidən öz əhlinə, öz müsəlmanlarına qayıtmasından, öz diyarında yenə öz camaatına qovuşmasından məmnunluğumu bildirirəm. Bu məscid, bu diyar neçə-neçə günahsızların göz yaşlarının şahidi olub, şəhidlərin qanı bahasına azad edilib.
Bunu Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Xoliknazar Ağdamda keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda deyib.

"Biz sadəcə dost və qardaş deyilik. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən "Əbədi dostluq haqqında müqavilə" imzalanıb. İndi Özbəkistan və Azərbaycan xalqı əbədi dostdur", - deyə o bildirib.
***
11:47
Azərbaycanda dini irsin qorunmasından danışarkən, işğal müddətində Qarabağ ərazisində yüzlərlə dini və tarixi-mədəni abidələrin dağıntılara məruz qalması, məscidlərin təhqir olunması və məqsədli şəkildə yararsız vəziyyətə salınmasından bəhs etməmək mümkünsüzdür. Çünki bunlar xalqımızın yaddaşında dərin iz buraxıb.
Bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda deyib.

“Hazırda konfransın keçirildiyi Ağdam Cümə Məscidi də işğal vaxtı yandırılıb və vandalizmə məruz qoyulubdur. Əsrlər boyu insanların ibadət məkanı olan bu tarixi abidə 1992-ci ildə Xocalı soyqırım faciəsinin şahidi olan sakinlər üçün həm də sığınacaq yeri olmuşdu. Ağdam işğaldan azad edildikdən dərhal sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Ağdam Cümə məscidinin əsaslı şəkildə bərpasına başlanılıb, 2024-cü ildə Azərbaycan və Qırğızıstan dövlət başçıları tərəfindən açılışı olub.
Dağıdılmış məscidin bərpası yalnız bir tarixi abidənin deyil, həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır. Bu gün Ağdam şəhər məscidi Qarabağın mühüm simvollarından biri olmaqla yanaşı, yerli sakinlər və şəhərimizə səfər edən insanlar üçün ibadət və ziyarət məkanıdır”, - deyə Emin Hüseynov əlavə edib.
***
11:29
Bu gün Qarabağda dirçəliş, qayıdış var. Ancaq işğal dövründə buradakı bütün evlər dağıdılmış, insanlar öz dədə-baba torpaqlarından didərgin düşmüşdülər.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda deyib.

O vurğulayıb ki, işğal dövründə ermənilər Ağdam məscidinin minarələrindən hərbi məqsədlə istifadə ediblər: “Təəssüf ki, işğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb, Ağdam məscidində isə donuz saxlanılıb. Hətta məscidin divarlarına İslama qarşı yazılar yazılıb. Bu, yalnız Azərbaycan müsəlmanlarına deyil, bütün dünya müsəlmanlarına qarşı təhqirdir”.
Şeyxülislam əlavə edib ki, hazırda dövlətimizin başçısının rəhbərliyi ilə Qarabağa yenidən həyat qayıdır, dağıdılan yerlər yenidən qurulur, məscidlər bərpa edilir və tikilir.
***
09:55
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam şəhərinə gəliblər.

Elmi-praktiki konfrans işini Ağdam şəhərində davam etdirir.


8 dəqiqə