Boksçu qızımız ermənini məğlub edərək Avropa çempionu oldu
Boks üzrə qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatını 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub

Azərbaycan idmançısı Ermənistan təmsilçisini məğlub edərək Avropa çempionu olub.
Azərbaycan idmançısı Əminə Tağı (50 kq) Novi Pazarda (Serbiya) keçirilən boks üzrə yeniyetmələr arasında Avropa çempionatında Ermənistandan olan rəqibi Amest Afrikyanı məğlub edərək qızıl medal qazanıb.
İdmançı finalda 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Novi Pazarda onun şərəfinə Azərbaycanın himni səsləndirilib.
Gümüş medalları Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Syama Abbasova (66 kq), bürünc medalları isə Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) qazanıblar.
Beləliklə, boks üzrə qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatını bir qızıl, üç gümüş və üç bürünc medalla başa vurub.
Altıncı yarış günündə Səftər Məmmədzadə (+80 kq) finala yüksəlib. O, yarımfinal görüşündə Belarus təmsilçisi Kirill Jukovski üzərində inamlı qələbə qazanıb. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl bürünc medalları Qardaş Rəhimov (46 kq), Maqomed Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq) qazanıb.