Bölgələrdən Laçın yoluna axın var
Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilən aksiyaya qoşulanların sayı getdikcə artır
Laçın-Şuşa yolunda Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəalların keçirdiyi etiraz aksiyası davam edir. Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilən aksiyaya qoşulanların sayı getdikcə artır.
Ölkənin müxtəlif bölgələrindən etiraz aksiyasına dəstəkçilər gəlməkdədir.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.