bp “Şahdəniz”ə 2,9 mlrd. dollar investisiya yatırır
Bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib
“Şahdəniz” yatağının qaz ehtiyatları Böyük Britaniyanın qaz tələbatını təxminən 10 il ərzində qarşılamağa kifayət edə bilər.
Bunu Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

Onun sözlərinə görə, “Şahdəniz” Azərbaycanın və regionun enerji təhlükəsizliyinin əsas dayaqlarından biridir.
“Şahdəniz enerji təhlükəsizliyinin təməl sütunlarından biridir. Yatağın qaz ehtiyatları 28 trilyon kubfut təşkil edir. Müqayisə üçün qeyd edim ki, bu həcm Böyük Britaniyanın qaz tələbatını 10 il ərzində ödəməyə kifayət edər”, – deyə o bildirib.
C.Kristofoli qeyd edib ki, bp yataqdakı ehtiyatlardan maksimum səmərə ilə istifadə etmək üçün investisiyaları davam etdirir. Hazırda layihə çərçivəsində yeni quyuların qazılması həyata keçirilir.
O əlavə edib ki, şirkət “Şahdəniz”də kompressor platformasının quraşdırılmasına 2,9 milyard ABŞ dolları həcmində investisiya yatırır.
“Bu obyekt tam elektrikləşdirilmiş və pilotsuz idarə olunacaq. Bu, mürəkkəblik baxımından Xəzər dənizində ilk belə layihə olacaq”, – deyə bp rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, həyata keçirilən investisiyalar yataqdakı ehtiyatların daha səmərəli mənimsənilməsinə və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsinə xidmət edir.
1 dəqiqə