Azərbaycanın nefti 2022-ci ildə orta hesabla neçəyə satılıb
SOCAR hesabat yayıb
Azərbaycanın yüngül nefti "Azeri Light" 2022-ci ildə orta hesabla 103,5 dollar/bara başa gəlib - SOCAR
SOCAR-dan “İnterfaks-Azərbaycan”a verilən məlumata görə, 2022-ci ildə CIF çatdırılma şərtləri ilə “Azeri Light” markalı Azərbaycan yüngül neftinin orta qiyməti 103,58 dollar/barel təşkil edib.
Bu, 2021-ci illə müqayisədə 44,6% çoxdur”, - deyə şirkətdən bildirilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin birinci rübündə CIF çatdırılma şərtləri ilə “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 102,68 dollar, ilin birinci yarısında 109,95 dollar/barel, 9 ayda 107,22 dollar/barel təşkil edib.
2022-ci il üçün dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün neftin orta qiyməti 70 dollar/barel, ÜDM-in hesablanması üçün isə 85 dollar/barel səviyyəsində müəyyən edilib.
Xəbər verdiyimiz kimi, 2021-ci ildə CIF çatdırılma şərtləri ilə “Azeri Light” markalı Azərbaycan yüngül neftinin orta qiyməti 71,6 dollar/barel (2020-ci ildə 43,7 dollar/barel) təşkil edib.
Azərbaycan neftinin ən aşağı qiyməti - 15,81 dollar/barel 2020-ci il aprelin 21-də, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Azeri Light markalı neft SOCAR-ın payı 25% olan Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi müqaviləsi çərçivəsində hasil edilir. Mənfəət nefti layihənin səhmdarları arasında onların müqavilədəki payından asılı olaraq bölüşdürülür.
AÇG Azərbaycanda hasil edilən neftin 2/3 hissəsini təşkil edir.