BQXK əməkdaşları əsir hərbçilərimizə baş çəkib
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib
13 iyun tarixində BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
"Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqə yaratmaq imkanı verilib. Mandata uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.