BQXK-nın 3 maşını Laçından Xankəndiyə getdi
İki minik avtomobili və bir humanitar yüklü TIR maşını prosedurlara uyğun olaraq yoxlanıldıqdan sonra Xankəndi istiqamətində yola davam edib
Laçın Dövlət Sərhədindəki buraxılış məntəqəsindən Xankəndi istiqamətinə BQXK-ya məxsus iki minik və humanitar yardım aparan bir yük avtomobilinin keçidi təmin olunub.
Keçid səhər saatlarında gerçəkləşib. İki minik avtomobili və bir humanitar yüklü TIR maşını prosedurlara uyğun olaraq yoxlanıldıqdan sonra Xankəndi istiqamətində yola davam edib.
Qeyd edək ki, Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə olunması uzun müddətdir Azərbaycan tərəfindən təklif edilirdi və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu.
Ötən gün BQXK Azərbaycan tərəfinə müraciət edərək, qarşı tərəfin sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə məlumat verib. Beləliklə, Azərbaycan tərəfinin təklif etdiyi kimi, ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadə təşkil olunub.