BQXK Qarabağda qalan ermənilərə baş çəkməyə davam edir
Bunu BQXK-nın Ermənistandakı nümayəndə heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zara Amatuni bildirib
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qarabağdakı işçi qrupları orada qalan erməni ailələrinə baş çəkərək, onların ehtiyaclarını öyrənir.
Bunu BQXK-nın Ermənistandakı nümayəndə heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zara Amatuni bildirib. O deyib ki, Qarabağda qalan ermənilərlə bağlı konkret statistik məlumat vermək çətindir, lakin söhbət bir neçə onlarla ermənidən gedir.
“Qarabağ ermənilərinin əksəriyyəti Ermənistana köçəndə bizim komandalarımız müxtəlif səbəblərdən qalan və ya sadəcə gedə bilməyən insanlarla yerlərdə işləməyə başladı. Ermənistana köçmək istəyən, lakin müəyyən səbəblərdən köçə bilməyən bütün insanlara təşkilatımız bu işdə köməklik göstərdi. Onlar 50 nəfərə yaxındır və fiziki cəhətdən həssas, səhhətində problem olan insanlardır. Biz onlara Ermənistandakı qohumları ilə telefon və video zənglər vasitəsilə əlaqə saxlamağa kömək etmişik. İşçi qruplarımız mütəmadi olaraq Qarabağda qalmaq arzusunu bildirmiş şəxslərə baş çəkir, onların ehtiyaclarını qiymətləndirir”, - deyə Zara Amatuni bildirib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin işçi qruplarının səfərləri göstərdi ki, Qarabağda qalan ermənilərin ehtiyacları qida, dərman və suya çıxışla bağlıdır. İmkan daxilində onlar tibbi müayinədən keçirilir, lazım gələrsə, dərmanlar verilir.
Zara Amatuni BQXK əməkdaşlarının Qarabağda nə qədər qalacağından da danışıb:
“Ümumiyyətlə, bizim mövcudluğumuz humanitar ehtiyaclarla bağlıdır. Nə qədər ki, bu ehtiyaclar var və bu insanlar neytral vasitəçi kimi bizim iştirakımıza ehtiyac duyurlar, biz qalmağı və bu məsələlərə diqqət yetirməyə davam etməyi üstün tuturuq”.