BQXK Rusiya yardımının Qarabağa çatdırılmasına mane olur?
Təşkilatın bəyanatı
BQXK Rusiya yardımının Qarabağa çatdırılmasına maneçilik törədilməsində əli olduğunu təkzib edib. Təşkilatın bəyanatında deyilir:
«Biz, Rusiya Qızıl Xaç Cəmiyyətinin əraziyə humanitar yardım daşımasına Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əngəl olması və ya siyasi məsələlərə müdaxilə etməyimiz barədə iddiaları qətiyyətlə təkzib edirik. Humanitar yardımın həyata keçirilməsi barədə qərarın verilməsi tərəflərin iradəsindən asılıdır. Neytral, qərəzsiz və müstəqil təşkilat olaraq bizim fəaliyyətlərimiz müstəsna olaraq humanitar məqsəd daşıyır və ən çox ehtiyacı olanlara yardımın çatdırılmasına yönəlir.
Biz, son həftə ərzində həm qərar vermə səlahiyyətli şəxslər, həm də Qızıl Xaç və Qızıl Aypara Hərəkatından olan tərəfdaşlarımızla, istər Laçın yolu, istərsə də Ağdam yolu üzərindən əraziyə yardımın çatdırılması barəsində dialoqda olmuşuq. BQXK-nın bütün fəaliyyətləri tam şəffaf şəkildə, bütün qərar vermə səlahiyyətli şəxslərlə koordinasiya edilərək və yalnız onların razılığı ilə həyata keçirilir».-0-