Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşü bitdi
Tərəflər media üçün birgə bəyanatlarla çıxış ediblər
Ursula fon der Lyayen bildirib ki, Ermənistan iqtisadi inkişafa görə Avropa İttifaqından 270 milyon avro qrant alacaq.
O, Rusiyaya qarşı sanksiyalardan yan keçməsinə yol verilməməsi üçün tədbirlərə görə Ermənistana təşəkkür edib. "Bu, Ermənistanla Avropa İttifaqı arasında artan yaxınlaşmanı, iki tərəfin məqsəd və maraqlarının üst-üstə düşdüyünü nümayiş etdirir", - o qeyd edib.
Avropa Komissiyasının rəhbəri əlavə edib ki, Avropa İttifaqı Qarabağdan olan ermənilərin şəraitinin yaxşılaşdırılması üçün maliyyə dəstəyi göstərəcək.
Öz növbəsində baş nazir Paşinyan Ermənistana dəstəyə görə minnətdarlığını bildirib. O, Yerevanın iqtisadiyyat və demokratik təsisatların möhkəmləndirilməsi sahəsində Avropa İttifaqı və ABŞ ilə münasibətləri bundan sonra da inkişaf etdirmək və möhkəmləndirmək niyyətində olduğunu təsdiqləyib.
"Biz Azərbaycanla münasibətləri 1991-ci il Alma-Ata bəyannaməsi əsasında suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə, sərhədlərin delimitasiyasına və ölkələrin yurisdiksiyası nəzərə alınmaqla bütün kommunikasiyaların açılmasına əsaslanaraq normallaşdırmaq niyyətimizi təsdiqləyirik", - o deyib.
Dövlət katibi Blinken qeyd edib ki, görüş iştirakçıları Ermənistanın demokratik gələcəyini, inteqrasiya olunmuş və dinc Cənubi Qafqazı dəstəkləmək niyyətindədirlər. O həmçinin çətinliklərə baxmayaraq, Ermənistan hakimiyyətinin müstəqil dövləti qorumaq və möhkəmləndirmək üçün göstərdiyi cəsarət və səyləri qeyd edib.
ABŞ Ermənistanın ərzaq təhlükəsizliyinin və demokratiyasının möhkəmləndirilməsinə, energetikanın diversifikasiyasına 65 milyon dollar ayıracaq. Qarabağdan olan 100 min erməniyə də yardım davam etdiriləcək.
Blinken qeyd edib ki, ABŞ Ermənistanın regional inteqrasiyası üzrə layihələri dəstəkləyir və bu, onun təhlükəsizliyinin mühüm amilidir.
Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrel Avropa İttifaqı və Ermənistan arasında möhkəmlənmənin və yaxınlaşmanın, tərəfdaşlığın daha yüksək səviyyəyə qaldırılmasının vacibliyini qeyd edib. O, xarici təzyiqi və antierməni təbliğatını pisləyib, bu səylərin qarşını almaq üçün dəstək vəd edib.