BTC ilə indiyə qədər nəql olunan neftin həcmi açıqlanıb
Bu barədə məlumatı SOCAR paylaşıb

Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri istismara veriləndən 01 iyul 2025-ci il tarixinədək ümumi ixrac olunan Azərbaycan nefti həcmləri 612,2 mln. ton təşkil edib və bu həcmlərin 88%-i BTC kəmərinin payına düşüb.
Bu barədə məlumatı SOCAR paylaşıb.
“13 iyul 2006-cı ildə “Əsrin müqaviləsi”nin əsas tərkib hissələrindən biri olan, Azərbaycan neftinin birbaşa dünya bazarlarına çıxışını təmin edən və ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi Türkiyənin Ceyhan terminalında keçirilib”, - paylaşımda qeyd olunur.
Bildirilir ki, hesabat dövründə BTC ilə 537,2 mln. Ton Azərbaycan nefti nəql olunub (BTC ilə nəql olunan neftin 89%-i) və 66,6 mln. tranzit neftinin payına düşüb (nəqlin 11%-i).
Qeyd edək ki, azırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" blokunda hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
BTC Ko.-nun səhmdarları: bp (30.1%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5%), TotalEnergies (5%), ITOCHU (3.4%), ONGC Videsh (3.1%), ExxonMobil (2.5%) and INPEX (2.5%).