XƏBƏRLƏR / Neft və Qaz

BTC vasitəsilə dünya bazarına 4,4 mlrd bbl neft nəql edilib

Bu barədə bp-nin 2024-cü ilin üçüncü rübünün yekun hesabatında qeyd edilib

BTC vasitəsilə dünya bazarına 4,4 mlrd bbl neft nəql edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Cari ilin ilk üç rübü ərzində “Bakı-Tbilisi-Ceyhan” (BTC) üzrə əməliyyat xərclərinə təxminən 104 milyon dollar, əsaslı xərclərə isə 28 milyon dollar vəsait xərclənib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 20,9 və 12 faiz artım deməkdir.

    Bu barədə bp-nin 2024-cü ilin üçüncü rübünün yekun hesabatında qeyd edilib.

    2006-cı ilin iyun ayında istismara veriləndən bu ilin sentyabr ayının sonunadək 1768 kilometr uzunluğunda olan BTC boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 milyon ton (təxminən 4,4 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5786 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

    İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 165 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 229 tankerə yüklənib və yola salınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon ton (təxminən 6 milyon barel) azdır.

    Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.