Bu gün Arlinqton danışıqlarının son günüdür
Dövlət Departamenti Bayramov və Mirzoyanın dövlət katibi Antoni Blinkenin iştirakı ilə yekun görüşünün anonsunu verib
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan dövlət katibi Antoni Blinkenin iştirakı ilə ABŞ-da danışıqların yekun mərhələsini keçirəcəklər", - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir:
“Dövlət katibi Blinken Vaşinqton vaxtı ilə saat 13:45-də (Bakı vaxtı ilə 21:45 - ANSPress ) Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh sazişi üzrə ikitərəfli danışıqların yekun raundunda iştirak edəcək. Dövlət Departamentinin bəyanatında deyilir.
"Ermənistanla Azərbaycan arasında sülh mümkündür." Bunu isə brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
Onun sözlərinə görə, ABŞ hesab edir ki, problem hərbi yolla həll oluna bilməz və diplomatiya vasitəsilə birbaşa dialoq irəliyə doğru addım atmaq üçün etibarlı yoldur.
"Və buna görə də bu mühüm danışıqlarda iştirak etmək üçün Xarici Xidmət İnstitutunda iki xarici işlər nazirinin olmasından çox məmnunuq. Dediyim kimi, dövlət katibi və Dövlət Departamentinin digər əməkdaşları bu məsələ ilə fəal məşğul olurlar və biz bu prosesi yaxından izləyəcəyik",- Patel deyib.