XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Azərbaycanda səfərdə olan spikerləri qəbul edib

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb YENİLƏNƏCƏK

İlham Əliyev Azərbaycanda səfərdə olan spikerləri qəbul edib
  • Oxuma müddəti:

    8 dəqiqə

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Dövlətimizin başçısı Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib və parlamentlərarası əlaqələr sahəsində səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirib.

    Prezident İlham Əliyev Şalva Papuaşvilinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakının əlaqələrimizin genişlənməsi baxımından önəmini qeyd edib.

    Dövlətimizin başçısı özünün Gürcüstana səfərini, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərini məmnunluqla xatırlayıb və bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələrin aparıldığını qeyd edib.

    Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın və Gürcüstanın üzləşdiyi problemlərə toxunub, birgə layihələrin icrasının əhəmiyyətini vurğulayıb. Bu xüsusda ilk layihə kimi Bakı-Supsa neft boru kəmərinin reallaşdırıldığını diqqətə çatdırıb və bundan sonra digər layihələrin də uğurla həyata keçirildiyini deyib.

    Bu gün ölkələrimizin bu layihələrin icrası sayəsində enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları vurğulanıb. Həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat imkanlarının artırılmasında Azərbaycanla Gürcüstanın əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

    Şalva Papuaşvili Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən şərəf hissi keçirdiklərini bildirib. Qonaq Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafındakı rolunu vurğulayaraq, eyni zamanda, məhz onun rəhbərliyi ilə strateji layihələrin həyata keçirildiyini qeyd edib. Gürcüstan parlamentinin sədri vurğulayıb ki, vaxtilə Ulu Öndərin atdığı müdrik addımlar Azərbaycanın gələcəyi üçün böyük önəm daşıyır. O, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması işində şəxsən Azərbaycan Prezidentinin roluna görə minnətdarlığını bildirib.

    Qonaq ölkələrimizin həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunub. Bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Qara dənizin dibi ilə elektrik xəttinin çəkilişi layihəsini, həmçinin Azərbaycanla olan tərəfdaşlarla birlikdə Qara dənizin dibi ilə sualtı fiber-optik kabel xətti kimi irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd edib.

    Şalva Papuaşvili Azərbaycanın və xalqımızın Gürcüstan üçün çətin dövrlərdə ölkəsinin ərazi bütövlüyünü dəstəklədiyini yüksək qiymətləndirib.

    Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Prezident İlham Əliyev Tənzilə Narbayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakını yüksək qiymətləndirərək Ulu Öndərin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı Özbəkistana səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə birlikdə Ulu Öndərin abidəsinin və onun adını daşıyan parkın açılmasını da bu ehtiramın təzahürü olduğunu deyib. Ümummilli Liderin dost və qardaş Özbəkistanla və Özbəkistan xalqı ilə əlaqələrə böyük diqqət yetirdiyini xatırladan Azərbaycan Prezidenti bu siyasətin bu gün də bütün istiqamətlərdə davam etdiyini məmnunluqla vurğulayıb. Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısı ilə dostuq münasibətlərinin ikitərəfli əlaqələrimizin genişlənməsi işinə xidmət etdiyini bildirib və bu işdə qarşılıqlı səfərlərin önəmini qeyd edib.

    Dövlətimizin başçısı bu yaxınlarda Füzulidə olarkən Özbəkistan Prezidenti tərəfindən özbək xalqı adından hədiyyə olaraq burada inşa edilən məktəb binasında aparılan tikinti işləri ilə tanış olduğunu məmnunluqla bildirib.

    Prezident İlham Əliyev Tənzilə Narbayevanın ölkəmizə səfərinin də əlaqələrimizin inkişafı baxımından önəmini qeyd edib.

    Tənzilə Narbayeva, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıraraq qeyd edib ki, Özbəkistan Prezidenti strateji tərəfdaşlığa söykənən Azərbaycanla dostluq əlaqələrini yüksək qiymətləndirir və Azərbaycan Prezidentinə qardaşlıq münasibətləri bəsləyir.

    Azərbaycan Prezidenti salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.

    Prezident İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda uğurlu islahatların aparıldığını deyib, bu yaxınlarda keçirilmiş referendum münasibətilə təbriklərini çatdırıb.

    Öz növbəsində Tənzilə Narbayeva hər iki dövlət başçısının rəhbərliyi ilə Azərbaycan və Özbəkistanda bütün sahələrdə uğurların əldə edildiyini vurğulayıb.

    Özbəkistan Ali Məclisi Senatının sədri Ümummilli Liderin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirakından məmnunluq hissi keçirdiyini bildirərək Ulu Öndərin ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında xüsusi rolunu qeyd edib. Vurğulayıb ki, Özbəkistanda Ulu Öndərin xatirəsi dərin hörmətlə yad olunur və dahi şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər davam edir.

    Qonaq bildirib ki, torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan Prezidenti ata vəsiyyətini yerinə yetirib və Azərbaycan xalqının qəhrəmanı olaraq tarixi missiya həyata keçirib.

    O, eyni zamanda, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyini xüsusilə qeyd edib və ölkəmizin rəhbərliyi ilə Hərəkatın nüfuzunun artdığını, onun təsisatlanması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb.

    Tənzilə Narbayeva mədəniyyət və humanitar sahələrdə əməkdaşlığımızın xüsusi əhəmiyyət kəsb etdiyini deyərək, bu xüsusda Azərbaycan Prezidentinin Özbəkistanın mədəniyyət xadimlərini, Özbəkistan Prezidentinin isə Azərbaycanın mədəniyyət xadimlərini təltif etmələrinin önəminə toxunub, bunun mədəniyyət işçilərinə böyük ruh və həvəs verdiyini diqqətə çatdırıb.

    Qonaq Özbəkistandan Azərbaycana səfər edən nümayəndə heyətlərinə daim göstərilən diqqətə görə də təşəkkürünü bildirib.

    Söhbət zamanı xalqlarımız arasında ortaq tarixi köklərin, mədəniyyət və dil bağlılığının olması xüsusilə qeyd edilib.

    Görüşdə qeyd edilib ki, maşınqayırma, kənd təsərrüfatı, tekstil sənayesi, energetika, investisiya qoyuluşu və digər sahələr üzrə konkret layihələr və birgə Fond var. Hər iki prezident tərəfindən bu layihələr davamlı şəkildə diqqət mərkəzində saxlanılır.

    Ölkələrimizin beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı vurğulanıb, gənclər sahəsində əməkdaşlığın, Azərbaycan və Özbəkistan gənclərini bir araya gətirən forumların keçirilməsinin önəmi bildirilib.