Bu gün Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120-ci ili tamam olur.
VİDEO
Şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.
Məhəmmədhüseyn Şəhriyar 1906-cı il iyulun 31-də Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub.
O, XX əsrin 20-ci illərindən istedadlı şair kimi tanınmağa başlayıb. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Məhəmməd Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olub.
Məhəmmədhüseyn Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poemasıdır. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib.
Ədəbiyyatşünas Mehdi Rövşənzəmir “Heydərbabaya salam” poeması haqqında yazırdı: “Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeiri nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaq”.
Məhəmmədhüseyn Şəhriyarın xatirəsi ədəbiyyatsevərlərin ürəyində əbədi yaşayır və sevilir. O, 1988-ci il sentyabrın 18-də 82 yaşında Təbrizdə vəfat edib. Məhəmmədhüseyn Şəhriyarın dünyasını dəyişdiyi gün hər il İranda “Milli şeir günü” kimi qeyd olunur.
3 dəqiqə