Milli Qəhrəman Riad Əhmədov II Fəxri Xiyabanda dəfn olunub
Onun nəşi 30 ildən sonra tapılıb
12:40
Azərbaycan Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub.
Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Xarici kəşfiyyat idarəsinin rəisi Orxan Sultanov, ictimaiyyət nümayəndələri, döyüş yoldaşı və ailə üzvləri iştirak edib.
***
30 ildən sonra - bu ilin sentyabrında Qarabağda nəşi tapılan Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir.
DTX-nın Mədəniyyət Mərкəzində keçirilən mərasimdə dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edir.
"Qardaşım Azərbaycanın ilk Milli qəhrəmanlarındandır. Onu çox vətənpərvər biri kimi tanıyıblar. Bizim üçün Riadın yoxluğunu yaşamaq, hiss etmək çox çətindir. Biz bu faciəni 31 il bundan öncə yaşamışıq. Ona həsr olunmuş bu vida mərasimi bir daha sübut etdi ki, Vətənin azadlığı uğrunda canlarını fəda edənlər heç vaxt unudulmur".
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun bacısı Mehriban Əhmədova deyib.
O qeyd edib ki, Riad kimi vətənpərvərlərin həyat və döyüş yolları gənclərə örnəkdir.
“Riad çox xeyirxah, sadə və vətənpərvər insan idi. O, döyüşlər zamanı, mühasirədə olanda belə yoldaşlarında ruh yüksəkliyi yaradırdı, onlarla zarafat edirdi. Bu da Riadin həm də yüksək insani keyfiyyətlərindən xəbər verirdi”.
Şəhidin bacısı Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Vida mərasimindən sonra mərhumun İkinci Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir.
10:10
***
30 ildən sonra - bu ilin sentyabrında Qarabağda nəşi tapılan Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun dəfn mərasimi keçirləcək.
Bu gün saat 10:00-da DTX-ın Mədəniyyət Mərкəzində Milli Qəhrəmanla vida mərasimi keçiriləcək.
Vida mərasimindən sonra mərhumun İkinci Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir.
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Onun nəşi 30 ildən sonra 2023-cü ilin sentyabrında Daşaltı ətrafındakı axtarışlar zamanı tapılıb.
Riad Əhmədov 7 iyun 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.