Bu gün muğam ifaçısı Qəndab Quliyevanın ad günüdür
Mərhum sənətkarın anadan olmasının 77-ci ildönümü tamam olur
Bu gün muğam ifaçısı, Xalq artisti Qəndab Quliyevanın anadan olmasının 77-ci ildönümü tamam olur.
Qəndab Quliyeva 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs alıb və onun sənətini təkmilləşdirib. 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. O, bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaradıb.
Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniya, Kanada, Yaponiya, Fransa, İsveç, Türkiyə, İran və İraqda Azərbaycan muğam sənətini layiqincə təbliğ edib.
Xanəndənin ifasında "Çahargah" muğamının səsyazısı isə Fransada "Muğam antologiyası" CD diskinə daxil edilib. Qəndab Quliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.
Xalq artisti 2017-ci il iyunun 26-da vəfat edib.
1 dəqiqə