BLOQ / Yaddaş

Vətən müharibəsinin xronikası: 21 oktyabr

Müharibənin 25-ci günü

Vətən müharibəsinin xronikası: 21 oktyabr
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

    • Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi - Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.

    • Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində bildirib.

    • Düşmənin 5-ci, 6-cı, 7-ci dağatıcı alaylarının və 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri canlı qüvvə və döyüş texnikası itirərək geri çəkilməyə məcbur edilib. Bölmələrimiz çoxlu sayda silah-sursatı qənimət götürüb.

    • Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri Füzuli və Tərtər istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus üç taktiki pilotsuz uçuş aparatını, Horadiz istiqamətində isə bir pilotsuz uçuş aparatını vurublar.

    • Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb.

    • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 21-i saat 11:00-dək 63 mülki şəxs həlak olub, 292 nəfər xəsarət alıb, 1981 ev, 90 çoxmənzilli yaşayış binası və 386 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    • Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər mülki obyektlərdə yanğınlar törədib.