Bu gün maestro Niyazinin doğum günüdür
Dünyaşöhrətli dirijorun anadan olmasından 114 il ötür
Bu gün dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasından 114 il ötür (1912-1984).
Niyazi 1930-cu illərin əvvəllərində ilk əsəri olan “Od içində” fortepiano poemasını, daha sonra “Talış xalq mahnıları” mövzusunda fortepiano pyeslərini, Azərbaycanın ilk simfonik əsərlərindən olan “Zaqatala süitası”nı yazdı.
Dirijorluq fəaliyyəti Niyaziyə elə gənc yaşlarından şöhrət gətirməyə başladı. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanan maestro 1949-cu ildə ən məşhur əsərini - “Rast” simfonik muğamını nota alıb. İlk dəfə xarici ölkəyə 1951-ci ildə “Praqa baharı” festivalında iştirak etmək məqsədilə gedən Niyazi ömrünün sonunadək 23 ölkədə qastrol səfərində olub.
Bir bəstəkar kimi milli simfonizmin təşəkkülü və inkişafında da Niyazinin xidmətləri böyükdür. Bu baxımdan onun ən məşhur əsərlərindən “Rast” simfonik muğamını, “Xosrov və Şirin” operasını və “Çitra” baletini xüsusi qeyd etmək lazımdır. Niyazi, eyni zamanda, bir çox simfonik və kamera-instrumental əsərlərin, mahnı və romansların müəllifidir.
Onu Azərbaycan kino musiqisinin, eləcə də dram tamaşaları üçün yazılmış musiqi əsərlərinin müəllifi kimi də xatırlamaq lazımdır: o, bu sahədə fəaliyyət göstərən ilk bəstəkarlarımızdan biri olub.
Bu gün Niyazinin adı dünyaşöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək. Hamının da ürəyindən bu fikir keçəcək - ruhun şad olsun, ustad!

1 dəqiqə