Romada İran-ABŞ danışıqları başa çatıb YENİLƏNİB
Uitkoff ABŞ və İran arasında Romada keçirilən danışıqlardan sonra Qrossi ilə görüşüb

23:13
İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun iştirakı ilə növbəti danışıqlar aprelin 26-da Omanda keçiriləcək.
Bu barədə Abbas Əraqçi İranın dövlət televiziya və radio şirkətinə müsahibəsində bildirib.
"Gələn şənbə günü biz ekspertlərin işinin nəticələrini müzakirə etmək üçün yenidən görüşəcəyik", - Əraqçi deyib.
Onun sözlərinə görə, İran və ABŞ nümayəndə heyətləri Romada 4 saat davam edən danışıqlarda bir sıra məsələlər üzrə anlaşma əldə edə biliblər. XİN rəhbəri, həmçinin qeyd edib ki, tərəflər məsləhətləşmələri yaxın günlərdə texniki səviyyədə davam etdirmək barədə razılığa gəliblər.
"Bu gün danışıqlar dörd saat davam edib və biz irəliləməyə davam edəcəyik. Bu dəfə biz bir sıra məsələlər üzrə daha böyük qarşılıqlı anlaşmaya nail ola bildik", - o vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Vaşinqton və Tehran arasında baş tutan ikinci danışıqlar raundundan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
***
18:05
Romada İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb.
Bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, danışıqların üçüncü raundu gələn həftə keçiriləcək.
***
14:00
Romada İran-ABŞ danışıqlarının ikinci raundu başlayıb.
Bu barədə "Al jazeera" televiziyası məlumat yayıb.
Qeyd edək ki, İran və ABŞ arasında danışıqların ilk raundu 12 apreldə Omanda keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilib.
***
10:30
İranın xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti ABŞ ilə nüvə sazişi üzrə danışıqların ikinci raundunda iştirak etmək üçün Romada səfərdədir.
Bu barədə “Reuters” agentliyi xəbər verir.
Məlumata görə, aprelin 19-da Əraqçi və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Oman nümayəndələrinin vasitəçiliyi ilə dolayı danışıqlar aparacaq. Görüş hər iki tərəfin konstruktiv kimi qiymətləndirdiyi Maskatda keçirilən birinci raund danışıqlardan bir həftə sonraya təsadüf edir.
Xatırladaq ki, dünən Əraqçi Moskvada Tehranın Amerika tərəfinin realizm nümayiş etdirməsi şərti ilə Vaşinqtonla nüvə proqramı ilə bağlı razılığın əldə olunmasının mümkün olduğunu söyləmişdi.