Bu gün Vaxtanq Kikabidze dəfn olunur
Xatırladaq ki, Kikabidze yanvarın 15-də Tbilisidə 84 yaşında vəfat edib
Gürcüstanın paytaxtı Tbilisidə gürcü aktyoru, müğənni, rejissor, Ukraynanın Əməkdar artisti Vaxtanq Kikabidze ilə vida mərasimi keçirilir. Rustaveli prospektindəki Kaşveti kilsəsində keçirilən mərasimdə əfsanəvi aktyorla vidalaşanlar arasında Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, həmçinin ölkəmizin Gürcüstandakı səfiri və konsulu var. Tədbirlə bağlı yayılan kadrlarda səhnənin mərkəzində fəxri yerdə Azərbaycan hökuməti və xalqı adından göndərilən əklil diqqət çəkir.
Qeyd edək ki, Vaxtanq Kikabidze Azərbaycanı çox sevib. O dəfələrlə deyib ki, əgər Tbilisi olmasaydı yaşamaq üçün Bakını seçərdi. Bu, onun Azərbaycana və onun xalqına sevgi etirafı idi.
Xatırladaq ki, Kikabidze yanvarın 15-də Tbilisidə 84 yaşında vəfat edib.