Bu gün Xalq artisti Əlibaba Məmmədovun anım günüdür
Azərbaycan xanəndəsi, bəstəkar və pedaqoqu 2022-ci ildə, 92 yaşında vəfat edib

Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədov (1930-2022) 1950-ci illərdə məşhur xanəndə Seyid Şuşinskinin sinfində təhsil alıb, Azərbaycan Dövlət Filarmoniyasının və “Azkonsert” Birliyinin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Hümayun” xalq çalğı ansamblını yaradıb. Həmin ansamblda fəaliyyət göstərən və onun sənət çeşməsindən su içən Novruz Feyzullayev, Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov, Zümrüd Məmmədova və başqaları öz müəllimlərinin yolunu uğurla davam etdiriblər.
Əlibaba Məmmədov muğam sənətində öz yolu, öz dəst-xətti və ifa üslubu olan ustad xanəndələrdən idi. Onun böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam–dəsgahlarının səs yazıları Azərbaycan teleradiosunun qızıl fondunun ən dəyərli inciləridir. O, sadəcə ifaçı deyildi, xalq musiqisi üslubunda 100-dən çox mahnı və təsnif bəstələmişdi. Bu mahnı və təsniflər bütün dövrlərdə müğənnilərin repertuarında yer alıb, sevilə-sevilə dinlənilib.
Sovet dövründə müğənninin, xüsusilə də xanəndənin bəstəkarlıq etməsinə yaxşı baxmırdılar. Ona görə də Əlibaba Məmmədovun bəstələdiyi mahnılar “xalq mahnısı” adı ilə təqdim olunurdu. Mahnıları böyük rəğbətlə qarşılanan və sevilən xanəndə bəstəkar kimi tanınmaqda maraqlı olmayıb. Ürəyinin diktəsi ilə hərəkət edirdi: bəyəndiyi, xoşuna gələn şeirə musiqi bəstələmək sanki iradəsindən asılı deyildi.
Ustad xanəndə 1963-cü ildən Asəf Zeynallı və Bülbül adına orta ixtisas musiqi məktəblərində təhsil alan tələbələrə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədirdi.
Əlibaba Məmmədov sənətə qədəm basdığı ilk gündən ömrünü sonuna qədər öz dəst-xətinə və ifa üslubuna sadiq qaldı. “Muğam millətin ruhudur. Ruhu heç vaxt öldürmək mümkün deyil”, - onun söylədiyi bu fikirlər həyatda öz yerini aldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sənət və sənətkarlara, xüsusilə də muğamlara, xalq mahnılarına göstərdiyi diqqət milli musiqimizə yeni nəfəs verdi. Beynəlxalq Muğam Mərkəzinin tikilməsi ustad sənətkarın da ürəyincə olmuşdu. Bu xəbərdən son dərəcə təsirlənərək belə demişdi: “Bakıda muğam evinin tikiləcəyi xəbərini eşidəndə qulaqlarıma inanmadım. Ara-sıra toplaşdığımız guşələr, filarmoniyanın yanı, Sahil bağı yadıma düşür. Şükür, nəhayət bizim də bir yerdə əyləşib söhbətləşmək, sənət düşüncələrini bölüşmək üçün imkanımız və yerimiz olacaq”.
Əlibaba Məmmədovun ölümlə bağlı söylədiyi özünəməxsus bir fikir yada düşür: “Mən ölümdən qorxmuram! Mənim qorxum odur ki, dünyadan köçüb gedəndən sonra musiqiləri, muğamları eşidə bilməyəcəyəm”.
Əlibaba Məmmədov Birinci Fəxri xiyabanda dəfn olunub.