Bu gün Xalq artisti Leyla Bədirbəylinin doğum günüdür
“Azərbaycan gözəli” adını almış aktrisanın anadan olmasından 106 il ötür
Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb.
Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alıb. Fəaliyyətinin sonrakı illərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 33 il bir-birindən fərqli qadın obrazları yaradıb. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.
Kinoda Leyla Bədirbəylinin parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.
“Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
1 dəqiqə