XƏBƏRLƏR / İqtisadiyyat

Bu il Azərbaycanın xarici balans göstəriciləri yaxşılaşacaq

Bu barədə beynəlxalq maliyyə qrupu ING proqnoz verib

Bu il Azərbaycanın xarici balans göstəriciləri yaxşılaşacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Beynəlxalq maliyyə qrupu ING Azərbaycanın bu il yüksək neft qiymətlərindən faydalanaraq xarici və fiskal göstəricilərini yaxşılaşdıracağını proqnozlaşdırır.

    ING Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazı ətrafında davam edən risklər fonunda 2026-cı il üzrə neft qiyməti proqnozu 93 ABŞ dolları/barelə yüksəldilib. Bu vəziyyətdən ən çox faydalanan ölkələr sırasında Azərbaycanın adı çəkilir.

    ING-nin qiymətləndirməsinə görə, yeni neft ssenarisi şəraitində Azərbaycanın cari əməliyyatlar hesabının profisiti bu il ÜDM-in 9-10%-nə çata bilər. Eyni zamanda, konsolidə edilmiş büdcə profisitinin ÜDM-in 4%-nə yüksələcəyi gözlənilir.

    Hesabatda qeyd olunur ki, Azərbaycan idxal olunan inflyasiya risklərinə məruz qalsa da, digər MDB ölkələri ilə müqayisədə daxili inflyasiya təzyiqləri daha zəifdir. Bunun əsas səbəbi iqtisadi artımın aşağı səviyyədə qalmasıdır.

    ING xatırladır ki, 2026-cı ilin birinci rübündə Azərbaycanın ümumi daxili məhsulu illik müqayisədə 0,3% azalıb. Qurum il üzrə iqtisadi artımın aşağı birrəqəmli səviyyədə olacağını gözləyir.