Casusluqda ittiham olunan Fransa vətəndaşının həbsi uzadıldı
Səbail rayon Məhkəməsi Martin Ryanın barəsində həbs müddətini daha 4 ay uzatdı.
Bakıda casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Ryanın barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin vəsatətinə baxılıb.
Səbail rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib və Martin Ryanın barəsində həbs müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, Martin Ryan ötən il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Bakıda saxlanıb.
Cinayət işi üzrə aparılan araşdırmalar nəticəsində Fransa Səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunaraq ölkəni tərk edib. İş üzrə Fransa kəşfiyyatının geniş casus şəbəkəsi, o cümlədən mötəbər beynəlxalq təşkilatlara nüfuz etdirilmiş nümayəndələri ifşa olunub.
Fransa xüsusi xidmət orqanlarına qarşı qalmaqalı böyüyən işlə bağlı bir neçə gün əvvəl “France Presse” agentliyinə açıqlama verən Martin Ryanın atası Riçard Ryan baş verənlərdə Fransa Kəşfiyyatını günahlandırıb.
Eləcə də, Fransa mətbuatı (https://www.lorientlejour.com/article/1409249/francais-accuse-despionnage-en-azerbaidjan-proces-reporte-enquete-prolongee.html) qeyd edir ki, Riçard Ryan 23 yanvarda Fransa Prezidenti Emmanuel Makrona məktubunda oğlunun daimi əlaqədə olduğu həmin 2 diplomatın həqiqətən Fransa Xüsusi xidmət orqanının (DGSE) kəşfiyyatçıları olduğunu bildirib və “France Press“ agentliyinə müsahibəsində onların Fransada məsuliyyətə cəlb edilməsini tələb edib.
Məlum olduğu kimi, qalmaqalların pikində E.Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib.