Cavanşir Quliyev baş-beyin əməliyyatı keçirdi
Bəstəkarın vəfat etməsi xəbəri yalandır
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin əməliyyatı uğurlu keçib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib.
"Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır", - deyə o, qeyd edib.
ANS Press-in əldə etdiyi məlumata görə, bəstəkar bu gün Türkiyədə “Acıbadem” xəstəxanasında baş-beyin əməliyyatı (angioqrafiya və stentləmə) keçirib, vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib və xəstəxanaya yerləşdirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Cavanşir Quliyevin müalicəsinə dəstək verilir.
***
08:47
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.
Lakin dəqiqləşmədən sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.
Heydər Əliyev Fondundan bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.
Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu dəstək göstərir.