Samuxda 9 nəfər qarayara xəstəliyinə tutulub YENİLƏNİB
Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və TƏBİB birgə məlumat yayıb
16:12
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Xidmətlər Agentliyinə daxil olmuş məlumata əsasən Samux rayonunun Alıuşağı kəndindəki heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə yaradan hadisə ilə əlaqədar Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri (HSBX) idarələrinin əməkdaşları təsərrüfatda ilkin epizootoloji araşdırma və baytarlıq tədbirləri həyata keçirib.
Bu barədə nazirlik xəbər verir.
Məlumata görə, hadisə yerində təsərrüfatdakı heyvanlara klinik baxış keçirilib, termometriya aparılıb. Ərazi və heyvanların saxlanıldığı sahələrdə dezinfeksiya tədbirləri görülüb, giriş hissəsində dezinfeksiya baryeri hazırlanaraq müvafiq dezinfeksiyaedici məhlulla təmin edilib. Eyni zamanda, xəstəliyin mümkün yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfat ərazisinə heyvan və nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.
Hazırda təsərrüfatda saxlanılan 3 baş iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə edilib, həmin heyvanlara baytarlıq mütəxəssisləri tərəfindən zəruri müalicə tədbirləri aparılıb. Bununla yanaşı, hazırkı mərhələdə canlı heyvanlardan laborator müayinə üçün nümunələr götürülməyib. Laborator müayinə məqsədilə məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülüb. Bu səbəbdən təsərrüfatda saxlanılan canlı heyvanlarda müşahidə olunan klinik vəziyyətin qarayara xəstəliyi ilə əlaqəli olduğu hazırda laborator müayinələrlə təsdiqlənməyib. Xəstəliyin mövcudluğu və epizootoloji vəziyyət barədə yekun qiymətləndirmə müvafiq laborator müayinələrin nəticələri və sonrakı klinik müşahidələr əsasında təsdiq oluna bilər.
Təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır, heyvanların klinik vəziyyətinin müşahidəsi və zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir.
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə xidməti müqavilə əsasında fəaliyyət göstərən baytarlıq mütəxəssisləri tərəfindən Gəncə şəhəri və ətraf ərazilərdə, həmçinin Samux rayonu ərazisində xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər həyata keçirilir. 2026-cı ilin birinci yarısında dabaq, qarayara, infeksion nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçəyi, quduzluq və digər xəstəliklərə qarşı planlı peyvəndləmə tədbirləri aparılıb.
***
15:14
Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilib.
Bu barədə Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.
Məlumata görə, hazırda təmasda olan şəxslər müəyyənləşdirilıb, tibbi müşahidəyə cəlb edilib və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanılıb. Xəstə heyvanla təmasda olan 9 nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilmişdir. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Sözügedən şəxslərdən laborator müayinə üçün nümunələr toplanmış və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Qeyd edilib ki, qarayara xəstəliyinin törədicisi torpaq mənşəlidir və dünyanın hər yerində rast gəlinən haldır: "Qarayara, əsasən, xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir.
Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir. Xəstə heyvanın termiki emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakı qarayara xəstəliyinə yoluxmaya səbəb olmur.
Hazırda hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Əhali arasında yayılma müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur.
Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur".
***
12:05
Samux rayonunda ət məhsulundan zəhərləndiyi ehtimal edilərək xəstəxanaya yerləşdirilən şəxslərin sayı artıb.
Xəstəxanaya həmin hadisə ilə daha 5 nəfər gətirilib. Belə ki, 2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Nargilə Babayeva, 1974-cü il təvəllüdlü Tünzalə Cabbarova, 1986-cı il təvəllüdlü Günay Əliyeva və 1984-cü il təvəllüdlü Şəmil Hacıyev Gəncə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, avqustun 12-də saat 19:00-dan başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə müraciətlər daxil olub. Pasiyentlərə ilkin tibbi qiymətləndirmə aparılıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentlərin vəziyyəti stabildir.
Müvafiq instrumental müayinələr və araşdırmalar tamamlandıqda ictimaiyyətə əlavə məlumat veriləcək. AQTA-dan isə faktla bağlı aidiyyəti qurumlarla birgə araşdırma aparıldığı bildirilib.
***
09:42
Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib.
Hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
İlkin məlumata görə, 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirilib. Həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Onlar Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinlərdir. Xəstəxanaya yerləşdirilən şəxslər 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev, 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır.
Faktla bağlı araşdırmalara başlanılıb.
7 dəqiqə