Cəbrayılda daha 49 ailəyə evlərin açarları təqdim olunub
Bu mərhələdə Cəbrayıl şəhərinə 49 ailə - 253 nəfər köçürülüb
13:22
Bu gün növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan 49 ailəyə evlərinin açarları təqdim olunub.
Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.
***
13:11
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.
Cəbrayıl şəhəri bu gün 49 ailə olmaqla, 253 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub. Onlar böyük coşqu ilə qarşılanıblar və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
***
06:49
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Cəbrayıl şəhərinə 49 ailə - 253 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Şuşa - 1388 nəfər (369 ailə)
Xocalı (Xocalı rayonu) - 179 nəfər (46 ailə)
Ballıca (Xocalı rayonu) - 152 nəfər (27 ailə)
Cəbrayıl - 1169 nəfər (287 ailə)
Cəmi: 10 113 nəfər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.