XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanı Horovlu kəndinə çatıb YENİLƏNİB/FOTO

Bu mərhələdə kəndə 20 ailə - 77 nəfər köçürülüb

Növbəti köç karvanı Horovlu kəndinə çatıb YENİLƏNİB/FOTO
  • Oxuma müddəti:

    6 dəqiqə

  • 13:20

    Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

    Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

    Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

    Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

    Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 20 ailə olmaqla, 77 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    ***

    12:57


    İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

    Horovlu kəndi bu gün 20 ailə olmaqla, 77 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub, doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

    Kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

    Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

    ***

    07:09

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir.

    Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 20 ailə, 77 nəfər köçürülüb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 714 nəfər (142 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 985 nəfər (254 ailə)
    Kolatağ - 120 nəfər (33 ailə)
    Vəngli - 528 nəfər (135 ailə)
    Aşağı Oratağ -119 nəfər (31ailə)
    Çapar-  96 nəfər (26 ailə)
    Heyvalı - 74 nəfər (19 ailə)
    Çıldıran - 48 nəfər (13 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)

    Xocalı rayonu
    Xocalı - 482 nəfər (111 ailə)
    Ballıça - 1034 nəfər (232 ailə)
    Təzəbinə - 605 nəfər (138 ailə)
    Xanyurdu - 421 nəfər (120 ailə)
    Şuşakənd - 418 nəfər (110 ailə)
    Badara - 266 nəfər (73 ailə)
    Seyidbəyli - 251 nəfər (69 ailə)
    Daşbulaq - 109 nəfər (26 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 782 nəfər (268 ailə)

    Ağdam rayonu
    Ağdam şəhəri - 308 nəfər (83 ailə)
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1129 nəfər (269 ailə)
    Xıdırlı - 2471 nəfər (623 ailə)

    Xocavənd rayonu
    Hadrut - 182 nəfər (46 ailə)
    Qırmızı Bazar - 513 nəfər (122 ailə)
    Sos - 360 nəfər (85 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 449 nəfər (108 ailə)

    Xankəndi
    Xankəndi şəhəri - 162 nəfər (36 ailə) 
    Kərkicahan - 117 nəfər (30 ailə)



    Cəmi: 26 230 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 70 minə yaxın insan yaşayır.