Cəfər Cabbarlı-125 və ya göz yaşları içərisində gülən gənc
Təəssüf ki, hələ bu gün də Cabbarlının irsi ciddi araşdırılmayıb
Bu gün Cəfər Cabbarlının 125 ili tamam olur. Nə qədər dahi insanlar yetişdirib Azərbaycan... Təzəlikcə Azərbaycan banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illiyini keçirdik və bu gün artıq Azərbaycan dramaturgiyası və teatr sənətinin banilərindən biri olan Cəfər Cabbarlının yubileyini qeyd edirik!
Artıq bu gün Rəsulzadə yoxdur, elə Cabbarlı da yoxdur - bəs nə var? Qaranlıq və bu qaranlıqda aydın seçilən və Nizami Gəncəvi zamanından bu günə zəif də olsa, soyuq da olsa amma hələ də yanan işıq – milli mənəviyyatımızın, mədəniyyətimizin işığı…
Nizamidən Cabbarlıya çatan alov və Cabbarlıdan Vahabzadəyə qədər qorunan od bu günümüzə Çində istehsal olunan və əsasən siqaret yandırmaq üçün istifadə edilən alışqan şəkilində gəlib çatıb. Arada bir yanır, arada bir yox. Bəzi alışqanlar isə arxasından da işıq saça bilir, lakin onlar da yalnız "qapaz"la köklənir.
Köklərə qayıdarkən… Mənim babam Əliməmməd Mustafayev Cəfər Cabbarlının müəllimi olub və rəhmətlik hər zaman deyərdi ki, Cəfər böyük Azərbaycanın müasir ədəbiyyatının bünövrəsidir və onun üzərində möhkəm bir ev inşa olunacaq… Olundu da – ikimərtəbəli sağlam bina. Təəssüf ki, inşaatçılar, konstruktor və arxitektorlar vaxtından əvvəl vəfat etdikləri səbəbdən 3-cü və 4-cü mərtəbələri inşa olunmadı.
Təəssüf ki, hələ bu gün də Cabbarlının irsi ciddi araşdırılmayıb. Bu gün də onun ölüm səbəbləri tam aydınlaşdırılmayıb. Axı Cəfər Cabbarlı kimi dahi insanlar hər bir xalqa Allah tərəfindən çox nadir hallarda sovqat edilir və hər bir toplu bu kimi görkəmli şəxsiyyətləri göz bəbəyi kimi qorumalıdır. Amma bu gün də, artıq müstəqil Azərbaycanda bir sıra dünyadan xəbərsiz yazarlar Cabbarlını communist şairi, sosrealizm aşiqi kimi qələmə verirlər.
Bu tipli insanlara bir ismarışım var – unutmayın ki, Qızıl Ordu Bakıya daxil olanda Məhəmməd Əmin Rəsulzadəni Bakıdan çıxarıb Lahıcda gizlətmək planının iştirakçılarından və icraçılardan biri məhz Cəfər Cabbarlı olmuşdu.
Allah sənə rəhmət eləsin, ustadım! 125 ilin mübarək! Bir də ki, bağışla bizi, başımız yaman qarışıqdır. Söz veririk, 130 illiyini təntənə ilə qarşılayacağıq, in şa Allah!
Sonda xatırlatmaq istəyirəm ki, Cəfər Cabbarlı vəfat etdikdən sonra 1935-ci ildən Hüseyn Rəhmanov tərəfindən ədəbiyyatçı gənclərə Cəfər Cabbarlı mükafatı və pul mükafatı verilirdi. Cəfər Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün "Cəfər Cabbarlı mükafatı"nı təsis ediblər. Cəfər Cabbarlı mükafatı ilk dəfə 1999-cu ildə, ikinci dəfə isə 2010-cu ildə təqdim edilmişdir, düz 14 il bundan əvvəl!
Bu gün Cəfər bəyin ad günüdür. İn şa Allah, bu gün Azərbaycan TV-ləri və radioları, internet qəzetləri və informasiya agentlikləri onun haqqında maraqlı verilişlər hazırlayıb millətə məlumat verəcək. Buna ehtiyac var, xanımlar və bəylər.! Əks halda dünən onun heykəli qarşısında dayanarkən, “Bu heykəl kimindir?” sualıma 10 nəfərdən cəmi 3-ü düzgün cavab verməzdi…
Biz isə ANS olaraq hər zaman Azərbaycanın və ümumiyyətlə, bütün Şərqin dahiləri barədə daim verilişlər edər, milləti məlumatlandırırdıq. Odur ki, bu gün də ANS ənənələrinə sadiq qalaraq Sizə “Şəxsiyyət Vəsiqəsi – Cəfər Cabbarlı” verilişini təqdim edirəm. Vaxt tapsanız, baxın, in şa Allah.