XƏBƏRLƏR / İdman

Çempionlar Liqası: "Qarabağ"ın rəqibinin Bakıya səfər planı

Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi YENİLƏNİB

Çempionlar Liqası: "Qarabağ"ın rəqibinin Bakıya səfər planı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:58

    UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub. 

     

    Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sentyabrın 30-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. 

     

    Qonaq komandanın baş məşqçisi Yakob Neestrupun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 16:45-də start götürəcək. Danimarka təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 15:30-da başlayacaq. 

     

    Media mənsubları akkreditasiyalarını sentyabrın 30-da saat 10:00-dan 13:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat otağından götürə bilərlər. 

    Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 20:45-də başlayacaq.

    ***

    12:28

    UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”la Danimarkanın “Kopenhagen” komandası arasında keçiriləcək II tur oyununa hakim təyinatları açıqlanıb.

    UEFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.

    Matçın baş hakimi Sərdar Gözüböyük olacaq. Ona yan xətt hakimləri Ervin Zeynstra və Patrik İniya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yannik Van Der Laan yerinə yetirəcək. VAR hakimi Yerun Manşot, köməkçisi Rob Diperink olacaq.

    Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

     ***

    11:46

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ"la üz-üzə gələcək Danimarkanın "Kopenhagen" klubunun Bakıya səfər planı bəlli olub.

    Bu barədə Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

    Onun sözlərinə görə, rəqib komanda bu günün ikinci yarısında paytaxtda olacaq:

    "Kopenhagen" matçdan bir gün sonra, səhər saatlarında Danimarkaya qayıdacaq. Qonaqları 120-150 azarkeşin dəstəkləyəcəyi gözlənilir".

    Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.