Cenevrədə Nizami Gəncəvi Mərkəzinin Toplantısı keçirilir
Mövzu: “Çoxqütblü parçalanmalar və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması”
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı BMT-nin Cenevrə Ofisi ilə tərəfdaşlıq çərçivəsində İsveçrənin Cenevrə şəhərində öz işinə başlayıb.
Toplantı “Çoxqütblü parçalanmalar və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr olunub.
Yüksək səviyyəli beynəlxalq platforma çərçivəsində qlobal idarəetmənin gələcəyi, çoxtərəfli institutların dəyişən dünya nizamına uyğunlaşdırılması, iqlim böhranı və dayanıqlı inkişaf, süni intellekt və texnoloji transformasiya, sülh və təhlükəsizlik, humanitar çağırışlar, miqrasiya və qlobal səhiyyə, inklüziv iqtisadiyyatlar, qadınların liderlikdə rolu, həmçinin qlobal mənzil və şəhərsalma problemləri ilə bağlı geniş və əhatəli müzakirələr aparılır.
Eyni zamanda, müzakirələr zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumunun hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib. Bununla yanaşı, 17–22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı məsələlər də müzakirə olunub.
Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksək səviyyəli beynəlxalq iştirakçı – sabiq dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ekspertlər iştirak edirlər.
1 dəqiqə