Ceyhun Bayramov Abdullahianla danışıqlar apardı
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb
Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı, iqtisadiyyat və nəqliyyat sahəsində əldə edilmiş ikitərəfli və regional razılıqların icrasının vacib olduğu bildirilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın post-münaqişə dövründə atdığı addımlardan bəhs edib. Bununla yanaşı, son zamanlar Laçın yolu ətrafında və bölgədə humanitar vəziyyət ilə bağlı yayılan iddiaların siyasi manipulyasiyadan başqa bir şey olmadığı diqqətə çatdırılıb. Ermənistan tərəfinin bölgədə təxribatlara son qoymasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sözdə və əməldə hörmət etməsinin zəruri olduğu vurğulanıb.
İslam həmrəyliyi məsələsinə toxunan nazir Ceyhun Bayramov həmçinin son zamanlar bəzi Skandinaviya ölkələrində Quran-i Kərimə qarşı baş verən nalayiq hərəkətlərin Azərbaycan tərəfindən qətiyyətlə pisləndiyini, bu kimi İslam dinini hədəfləyən addımlardan çəkinmənin vacib olduğunu diqqətə çatdırıb.