İlham Əliyev qəbullar keçirir FOTO
Qonaqlar Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısıdılar
13:47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib.
Söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olundu, bu xüsusda ölkəmizin BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi ilə əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycanın terrorçuluqla mübarizəyə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi.
Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal səviyyədə aktual mövzuların müzakirəsi üçün yaxşı imkan yaradacağı vurğulandı, bu tədbirin nüfuzunun ilbəil artdığı qeyd edildi.
***
13:44
Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib.

Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə təbriklərini çatdırdı. Qonaq bu Forumun beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm platformaya çevrildiyini vurğuladı.

Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını qeyd etdi.
O, həmçinin Azərbaycanın islamofobiya ilə mübarizə sahəsində fəal mövqeyini, ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfransların mütəmadi surətdə keçirilməsini təqdir etdi və BMT-nin Sivilizasiyalar Alyansının bu istiqamətdə Azərbaycanın səylərini dəstəklədiyini vurğuladı.
Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi könüllü maliyyə töhfələrinə görə də təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında çoxillik uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətinə dəstəyini davam etdirəcəyini dedi.
Dövlətimizin başçısı Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyəti narahat edən aktual məsələlərin müzakirəsi və qarşılıqlı anlaşmanın təşviqi baxımından əhəmiyyətini vurğuladı.
Görüşdə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***
13:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.


Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxundu, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək, bunun gələcəkdə də davam edəcəyini vurğuladı. Təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi, idman tədbirlərinin təşkil olunduğunu xatırladan Prezident İlham Əliyev gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini dedi və bu tədbirə fəal hazırlıq işlərinin getdiyini bildirdi.
Prezident İlham Əliyev ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu xatırlatdı.

Dövlətimizin başçısı ölkəmizin bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcəyini dedi.
İsmayıl Ould Şeyx Əhməd qəbula və İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Baş katib vəzifəsinə seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana etməsindən məmnun olduğunu dedi. İndiyədək bir neçə dəfə ölkəmizdə olduğunu qeyd edən qonaq burada gördüyü inkişaf proseslərini vurğuladı və bu münasibətlə təbriklərini çatdırdı.

İsmayıl Ould Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi Azərbaycanla birlikdə çalışaraq Təşkilatın beynəlxalq nüfuzunun, həmçinin İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini artıracağını dedi.
Baş katib İsmayıl Ould Şeyx Əhməd Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ehtiramını ifadə edərək, Ümummilli Liderin Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin genişləndirilməsində xidmətlərini xatırlatdı. Qonaq ölkəmizin İslam dünyasında və İslam həmrəyliyinin gücləndirilməsində mühüm rolunu qeyd etdi.
Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini deyən İsmayıl Ould Şeyx Əhməd qarşıdan gələn Zəfər Günü ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı. O, həmçinin regionda sülhün bərqərar olmasında Azərbaycan Prezidentinin səylərini dəstəklədiklərini dedi.
Söhbət zamanı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu, dezinformasiyaya qarşı üzv ölkələrin birgə səyləri ilə mübarizənin vacibliyi vurğulandı və Azərbaycanın sədrliyi dövründə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparıldı.
6 dəqiqə